XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 06 OKTYABR 2017
Rəhbərimizin maraqlı müsahibəsi: "Qohumları işə götürmək olarmı?"
Oxu.Az METAK şirkətinin direktoru Aydın Kərimova bəzi suallar verdi: işə düzəlmək üçün nələr etməli və nələr etməməli, şirkətdə ailə üzvləri çalışa bilərmi, CV-ləri, ümumiyyətlə, kimsə oxuyurmu, iş axtaranların əsas səhvləri hansılardır?
Oxu.Az ölkəmizin ən nüfüzlu şirkətlərindən biri olan, 20 ildən artıq MDB və yerli bazarda bir çox sahələrdə tanınan, adı keyfiyyətin sinoniminə çevrilmiş METAK şirkətinin direktoru Aydın Kərimova bəzi suallar verdi: işə düzəlmək üçün nələr etməli və nələr etməməli, şirkətdə ailə üzvləri çalışa bilərmi, CV-ləri, ümumiyyətlə, kimsə oxuyurmu, iş axtaranların əsas səhvləri hansılardır? İş axtaranların baş ağrısı olan bu və digər sualların cavabları bugünkü müsahibəmizdə!
– Salam, Aydın bəy! Bu gün çox ümdə bir mövzuya toxunmaq istəyirik – işə düzəlmə! Məlumatımıza görə, kollektivinizdə, nə az-nə çox, 600 nəfər işçi çalışır. Bu böyük kollektivi işə qəbul edənə qədər işaxtaranların hansı səhvləri ilə rastlaşmısınız?
– Salam! Bəli, kollektivimiz artıq çox böyüyüb və bu, təbii ki, idarəeteməyə daha strukturlaşmış yanaşma tələb edir. Artıq kiçik bir Kadrlar şöbəsi yox, iri HR Departamentimiz fəaliyyət göstərir. Şirkətin nə dərəcədə uğurlu olması məhz onun işçilərinin istedadı, peşəkarlığı və əməksevərliyindən asılıdır. Qeyri-peşəkar işçi heyəti ilə şirkət heç vaxt inkişaf edə bilməz, bu səbəbdən personalın seçiminə, inkişafına, təhsilinə çox ciddi yanaşırıq. 600 rəqəminə çatana qədər bu sahədə artıq kifayət qədər böyük təcrübə toplaya bilmişdik.
Fikrimcə, iş axtaranlar bu əsas məqamlara önəm verməlidirlər:
1. Müraciət etdiyiniz şirkəti tanımağa çalışın, məlumat toplayın – hansı məhsulları istehsal edir, harada yerləşir, hansı reputasiyaya malikdir? İşə qəbul olsanız, bu şirkət həyatınızda mühüm rol oynayacaq, ona görə öncədən düşünün – Siz bu şirkətə və seçdiyiniz şirkət Sizə uyğundurmu, orada işləyə biləcəksinizmi?
2. CV-niz, əslində, güclü alətinizdir. CV adi kağız deyil, o, Sizin portretinizdir, ona görə də səliqəli və səhvsiz olmalıdır. Həmçinin, CV dürüst olmalıdır, orada yalan söz və ya şişirdilmiş məlumatlar qeyd olunsa, mütləq müsahibədə üzə çıxacaq. Öz bacarıqlarınızı, biliklərinizi tam obyektiv şəkildə qeyd edin, istedadlarınızı şişirməkdənsə, potensialınızdan yazın. Ən güclü cəhətləriniz barədə ailənizdən, dostlarınızdan soruşun. Bu cür məlumat CV-nizi minlərlə başqa anketlərdən fərqləndirəcək və müsahibəyə dəvət almağınız daha real olacaq. Yanaşmanız da ciddi olmalıdır: CV-niz mila6ka@rambler.com yaxud da avtosh023@ddd.com kimi elektron ünvanından gəlsə, onu çətin ki, ciddi qəbul eləsinlər. Şəkliniz də biznes üslubunda çəkilməlidir, toydan, yaxud tatildə dəniz qırağında çəkdiyiniz şəkilləri əlavə edəndə, qeyri-ciddi şəxsiyyət təəssüratını yaradacaqsınız.
3. Müsahibəyə hazırlaşın! Müsahibə bir növ imtahan kimidir. Gecikməyə yol verməməlisiniz, Sizi qəbul edən şəxsin vaxtına hörmətsizlik göstərəndə, işə dəvət almaq şanslarınız xeyli azalır. Müsahibəyə gələrkən, geyiminizə fikir verin: səliqəsiz, yaxud qeyri-biznes üslubunda olan geyim şirkət nümayəndəsində haqqınızda müsbət təəssürat yaratmağa imkan verməz.
– Aydındır! Bəs şirkətə artıq qəbul olunmuş işçi karyerasını inkişaf etdirmək üçün nə etməlidir?
– Bunu bir misal gətirərək, izah etmək istərdim. Şirkətimizdə işə başlayanda, İT mütəxəssisimiz yağışlı, palçıqlı havada, qışın soyuğunda çöldə kabelləri təmir edirdi, belə işdən heç vaxt narazılıq etməzdi; indi isə həmin şəxs iri İT Departamentinin rəhbəridir. Onu CV vasitəsilə tapanda, müsahibədə digərlərin arasından seçəndə, beş ildən sonra onun hansı vəzifəni tutacağını nə biz, nə də özü təsəvvür edə bilməzdik. Amma zəhmət hər zaman öz bəhrəsini verir və həmin mütəxəssisin məhz bu cür əməksevər, işdən qorxmayan biri olmağı da bizi onun vəzifəsini yüksəltməyə həvəsləndirdi. Belə nümunələrimiz olduqca çoxdur, yüksək vəzifələrə hər zaman kollektivin içindən birini seçməyə çalışırıq. Çalışdığınız yerdən asılı olmayaraq, unutmamalısınız ki, zəhmət heç vaxt itməz, zəhmətkeş adamı da işəgötürən özü ovlayır.
– Bəs qohum-əqrabanı işə götürmək olarmı?
– Şirkət açsaydınız, doğma qardaşınızı işə dəvət etməzdinizmi? Mütləq dəvət edərdiniz, çünki ona çox etibar edirsiniz. Amma, məsələn, alqı-satqı işi üçün peşəsi rəssamlıq olan doğma qardaşınızı işə dəvət edərsinizmi? Etsəniz belə, o, işini yaxşı görə biləcəkmi? Çox güman ki, mütəxəssisin, bu peşə üzrə oxumuş şəxsin yerinə çox etibar etdiyiniz, amma rəssam qardaşınızı götürsəniz, nəinki inkişaf edə, ümumiyyətlə, işləyə bilməzsiniz. Onun "işləməyini" elə maddi cəhətdən də dəyərləndirməlisiniz: maaş verməlisiniz, buraxdığı səhvlərinin dəyərini ödəməlisiniz. Həm pul itirəcəksiniz, həm də qeyri-peşəkar işçi ilə kifayətlənməli olacaqsınız. Buna görə də başa düşmək lazımdır ki, əsas qohum yox, yaxşı işçi olmaqdır. Eyni zamanda, yaxşı işçi həm də qohumdursa, niyə də yox? İşçilərimizə kimsə “Siz ancaq qohum götürürsünüz”, “CV oxuyan yoxdur”, yaxud “Day-daysız, tapşsız işə kimdir götürən?” deyəndə, özləri gülürlər, çünki hamısı anket üzrə seçilib, işə dəvət alıb. Həm də mənim 600 nəfər qohumum hardandır? Doğrudan da, gülməlidir.
– İnternetdə gördüyümə görə, şirkətinizin kollektivi, yəqin ki, ölkəmizdə ən mehriban və şən kollektivlərindən biridir! METAK buna necə nail olur?
– Çox asan, müsahibədə yalnız komikləri seçirik (gülür). Təbii ki, zarafat eləyirəm! Necə ki, müdiriyyət əməkdaşlarla mehriban, “pərdəsiz” ünsiyyətdədir, eynən də kollektiv bu yanaşmanı təqlid edir, mənimsəyir. Çalışıram, hər gün hər bir sexə girim, hamı ilə salamlaşım, hər zaman “kresloda” oturan vacib Direktor-boss yox, hamının əli çatan bir Direktor-əməkdaş olum. İş çətinlikləri, problemləri bir-birinə atmamaqda, onları birgə güclə həll etməkdədir, kollektivin fikirlərini, ideyalarını dəyərləndirməkdir, bir mehriban ailə kimi çalışmaqdır. Beləliklə, şirkətdə sağlam rəqabət yaranır. Bundan başqa, özümüzəməxsus tədbirlərimiz də keçirilir.
– Söhbət hansı tədbirlərdən gedir?
– Məsələn, hər ay Ayın Ən Yaxşı İşçisi seçilir. Məncə, nümunəvi işləyənləri mütləq dəyərləndirmək lazımdır. Çox şadam ki, sexlərdə işləyən zəhmətkeşləri ofis işçiləri də tanıyır, ofisin peşəkarlarını da zavodumuzda işləyənlər tanıyır. Hər ildə 1 dəfə il boyu seçilmiş işçiləri mükafatlandırırıq, digərləri isə onlardan nümunə götürüb bu gözəl ada – Ayın Ən Yaxşı İşçisi adına layiq görülməyə həvəslənirlər. İşiniz yüksək qiymətləndiriləndə, çox xoşdur, düz deyilmi? Korporativ dərgimiz də var, bu qəzet 2-3 aydan bir çıxır və şirkətdə baş verənlərdən bəhs edir, həm də mənim üçün bir rəhbər kimi bütün kollektivə ümumilikdə müraciət etməyə imkan yaradır. Bundan başqa, timbildinq kimi tədbirlərin mütəmadi keçirilməsinin də kollektivimizin sağlamlığı və şirkətimizin inkişafında böyük rol oynadığına inanıram.
– Aydın bəy, hər yerdən METAK-ın səsi gəlir. Bu cür rəğbət qazanmağınızın yolu nədir? Qoy biz də bilək!
– Burada faktorlar çoxdur, amma əsas əmək burada kollektivimizindir. Məhz onların əməyi sayəsində keyfiyyətli mallar istehsal edə bilirik; məhz onların zəhməti şirkətimizi irəliyə aparır. Bu cür insanlarla çiyin-çiyinə çalışdığımdan qürur duyuram. Kollektivimiz bu qədər əməksevər və işcil olmasaydı, ölkəmizdə qurulmuş imkanlardan, yaradılmış şəraitdən istifadə edə bilməzdik, ötən həftə Neftçala Sənaye Məhəlləsi, Balaxanı Sənaye Parkında yeni zavodlarımızı Cənab Prezident İlham Əliyev işə salmazdı.
– Yeri gəlmişkən, redaksiya adından təbrik edirik! Dəyərli məsləhətləriniz üçün təşəkkür edirik! Ümid edirik ki, onlar bütün iş axtaranlar üçün faydalı olacaq!
– Dəvətiniz üçün təşəkkür edirəm! Hamıya böyük müvəffəqiyyətlər arzu edirəm!
Son xəbərlər
METAK komandası "SKYWinD 2024" idman yarışında iştirak edib!
01 DEKABR 2024
Vətən müharibəsi qaziləri ilə növbəti görüş keçirilib
07 NOYABR 2024
METAK komandası "Qələbə qaçışı" marafonunda iştirak edib!
03 NOYABR 2024